Əfəndizadə Qazi Mahmud Abdulqədir oğlu (1842, Göyçay qəz. Məlikkənd k. – 1900, Tiflis ş.) – din xadimi, maarifçi.
Qazi Mahmud Əfəndi ilk təhsilini atası Abdulqədir Əfəndidən almışdır. Osmanlı dövlətində mükəmməl dini təhsil almışdır. Şamaxı quberniyasında müfti və qazi olmuşdur. Sonralar Tiflisə dəvət olunmuş, Zaqafqaziya Müsəlmanları İdarəsinin sünni icmasının qazisi vəzifəsinə təyin olunmuşdur. Qazi Mahmud Əfəndi maarifpərvər şəxs olmuşdur. Türk, ərəb, fars və rus dillərini mükəmməl bilən Qazi Mahmud Əfəndi Qori Müəllimlər Seminariyasında şəriət və tatar (Azərbaycan) dili müəllimi olmuşdur. Onun sənədləri Gürcüstan Dövlət arxivində saxlanılır.
Oğlu Abdulhəmid Əfəndi Qazıyevi Tiflisdə gimnaziyada oxutmuş, təhsilini başa vurduqdan sonra doğma kəndlərinə – Göyçay qəz.-nın Məlikkənd k.-nə göndərmişdir. Abdulhəmid Əfəndi Qazi Mahmud oğlu Qazıyev (1865–1918) XIX əsrin 80 illərində kəndlərində ikisinifli dünyəvi məktəb açmış, 1916 ildə həmin məktəb rus-tatar məktəbinə çevrilmişdir. Həmin məktəb onların mülkündə açılmışdır. 1950 illərin əvvəlinə qədər Məlikkənd k. məktəbi həmin binada fəaliyyət göstərmişdir. Sonralar kənd məktəbi yeni tikilmiş binaya köçmüşdür. Abdulhəmid Əfəndi Qazıyev 1918 ildə vəfat etmişdir.
Qazi Mahmud Əfəndizadə qazi vəzifəsi tutduğuna görə övladları, nəvə və nəticələri Qazıyev soyadı daşıyırlar. Bu nəslin nümayəndələri arasında onlarla müəllim, həkim, mühəndis, mədəniyyət işçisi, hüquqşünas və s. peşə sahibləri vardır.
Məlumat A.Məmməddən alınıb.