Erməni-bolşevik qüvvələrinin 1918 ildə törətdiyi mart soyqırımı və vəhşilikləri haqqında çox yazılsa da, soyqırımı törədən cinayətkarlara qarşı əhalinin müqaviməti, göstərdiyi qəhrəmanlıqlar tədqiqiata çox az cəlb edilib. Göyçay döyüşlərinə qədər erməni quldurlarına qarşı müqavimətin nümunəsi kimi Ağsu yaxınlığında erməni quldurlarından müdafiə məqsədilə baş verən Pirəmşaq döyüşünü göstərmək olar. Pirəmşaq döyüşünü 1918 ildə erməni soyqırımına qarşı təşkil edilən ilk ən böyük müdafiə döyüşü adlandırmaq olar. Çünki Şamaxıda, Bakıda, Qubada və s. yerlərdə erməni soyqırımı baş verməzdən əvvəl, erməni vəhşiliklərini qabaqcadan görən qeyrətli insanlar müdafiə döyüşünü təşkil ediblər. Pirəmşaq döyüşünə səbəb 1918 il martın əvvəllərində rus-türk cəbhəsindən geri dönən 400 nəfər erməni əsgərinin Kürdəmirdən Ağsu istiqamətində Şamaxıya qayıdarkən törətdikləri vəhşiliklər olub.
1918 ildə digər müsəlman kəndləri kimi Bico kəndi də taleyin ümidinə buraxıldı. O zaman Şamaxıda yaşayan, nüfuz sahibi Babaş əfəndi Mikayılzadənin məsləhəti ilə Şahalı yüzbaşı Biconun müdafiəsi üçün qadınları və uşaqları dərələrdə gizlədir. Erməni quldurlar Bağırlı, Ləngəbiz və Qəşəd k.-lərini viran qoyub Bicoya yaxınlaşdıqda, Şahalı yüzbaşı quldur dəstəsinin qarşısına çıxır, kəndə girməyəcəkləri təqdirdə onlara mal-qara, qızıl təklif edir. Ermənilər razılaşmayıb onsuz da kəndi ələ keçirib talan edəcəklərini bildirirlər. Balta, yaba, xəncər, dəryaz və bir neçə tüfənglə silahlanan bicolular Pirəmşaq deyilən ərazidə təxminən 400 nəfərdən ibarət erməni hərbi dəstəsinin qarşısına çıxır. Kəndin yaşlı insanlarının söylədiklərinə görə, bu döyüşdə tüfəngdən açılan ilk atəşlə erməni hərbi dəstəsinin başçısı öldürülür, düşmənin çaşbaş düşdüyünü görən bicolular hücuma keçirlər. Özləri də tələfat vermələrinə baxmayaraq, onlar erməni silahlı dəstəsini darmadağın edir, bununla da kənd əhalisini soyqırımdan xilas edirlər. Pirəmşaq döyüşündə ermənilərdən cəmi altı nəfər sağ qalsa da, dördü Bico kəndinin yaxınlığında öldürülür, ikisi isə Şamaxıya gələrək, Bakıdan kömək istəyir.
Bu hadisədən daha da azğınlaşan ermənilər dərhal Bakıdakı ermənilərdən kömək istəyir. Bakıdan S.Lalayanın rəhbərliyi ilə az müddət ərzində müxtəlif silahlarla təhciz edilən 3 min erməni yerli əhalini tamamilə məhv etmək üçün Şamaxıya göndərilir. Ermənilər Bico əhalisindən qisas ala bilmədikləri üçün buradakı məğlubiyyətin səbəbkarlarından biri hesab etdikləri Babaş əfəndi Mikayılzadənin hər iki qaynını Şamaxıda ailə üzvləri ilə birlikdə işgəncə ilə öldürürlər. O zaman Babaş Əfəndinin qaynının iki övladı dağ yolu ilə qaçıb Bicoya gəlməyi bacarırlar. Çox keçmədən Babaş Əfəndi bu vəhşiliyi törədən üç daşnak qatilinin hər birini yaxalayaraq onlardan qisasını ala bilir. Ermənilər Səndələn (Bico) zirvəsində iki döyüş topu yerləşdirərək Bico kəndini atəşə tutur, nəticədə, kənddəki bir neçə tikili ilə yanaşı, XII əsrə məxsus məscid də dağıdılır. Bicolular kənd əhalisini qırğına verməmək üçün onları Ağsu, sonra da Göyçay istiqamətinə köçürür və bununla da kənd əhalisinin soyqırıma məruz qalmasına imkan vermirlər. Buna görə də Fövqəladə İstintaq Komissiyasının sənədlərində soyqırıma malik kəndlər içərisində Biconun adına rast gəlinmir.
Son illər 1918 il soyqırımı ilə bağlı yeni faktlar üzə çıxarılmağa başlanılıb. 1919 ildə Azərb. Xarici İşlər Nazirliyi Göyçay və Cavad qəz.-larının sənədlərini Fransaya, Paris sülh konfransındakı Azərb. nümayəndə heyətinin başçısı Əlimərdan bəy Topçubaşova göndərib. Həmin sənədlər tədqiqatçılar tərəfindən aşkara çıxarılaraq vətənə qaytarılıb. Bu sənədlərdə Bico kənd sakinlərinin ermənilərə qarşı müqaviməti haqqında AXC-nin Fövqəladə İstintaq Komissiyasının 1918 il 11-12 noyabr tarixli Sorğu Protokolunda qısa da olsa məlumat verilir. Əslən Ağsunun Bico kəndindən olan Zəka Mirzəyev “Pirəmşaq döyüşü” adlı məqaləsində qeyd edir ki, kəndimizin əhalisi məcburi köçkün həyatı yaşadıqları dönəmlərdə onlara sığınacaq verərək evlərində qaldıqları göyçaylılarla bicolular arasındakı münasibətlər uzun müddət qorunub. Hətta ötən əsrin sonlarında da “köç dövründə ata-anamız filankəsin evində yaşamışdır” deyə gediş-gəliş saxlanılırdı. Əhalinin tərk etdiyi kənd daşnakların hücumuna məruz qalaraq dağıdılmışdı. Yerli müsəlman əhaliyə qarşı baş verən soyqırımların qarşısını almaq üçün Zaqafqaziya Seyminin Azərbaycan fraksiyası 2 aprel (yeni stillə) 1918 ildə Seymdən müsəlman əhalini qorumaq üçün qoşun göndərilməsini tələb etdi. 1918 il aprelin əvvəllərində knyaz Maqalovun komandanlığı ilə 2 minə yaxın silahlı dəstə Tiflis və Gəncə tərəfdən irəliləyərək, Hacıqabul stansiyasını tutdu. Eyni zamanda şimaldan, Dağıstan tərəfdən, Bakı istiqamətində Nəcməddin Qotsinskinin qüvvələri hücuma keçdi. Bolşevik-daşnak qüvvələrindən yerli müsəlman əhalini qorumaq üçün knyaz Maqalovun rəhbərliyi ilə Müsəlman korpusu Ucar, Müsüslü, Kürdəmir istiqamətində hərəkət etdi. Hacıqabula daxil olmasına, N.Qotsinskinin dağlılardan ibarət dəstələrinin qubalı Əli bəy Zizinskinin döyüşçüləri ilə birlikdə Xırdalana kimi gəlməsinə baxmayaraq, qüvvələr nisbətinin qeyri-bərabər olması onları geri çəkilməyə məcbur etdi. Bu dövrdə Göyçay-Şamaxı istiqamətində İsmayıl xan Ziyadxanovun kiçik bir dəstəsinin irəliləməsi ermənilərin Şamaxının Qozluçay k. istiqamətində geri çəkilməsinə səbəb oldu. İsmayıl xan Qozluçay k.-də toplaşan ermənilərin təslim olmasını tələb edərək onlara iki gün vaxt verdi. Bundan sonra ermənilərə əlavə kömək gəldiyindən onlar təslim olmaqdan imtina etdi və İ.Ziyadxanovun dəstəsi də qüvvələr nisbəti qeyri-bərabər olduğundan geri çəkilməyə və elə həmin gün axşamüstü Şamaxını tərk etməyə məcbur oldu. Bundan altı gün sonra yenidən Şamaxıya daxil olan ermənilər əvvəlki vəhşiliklərini davam etdirdilər.
AXC dövründə erməni-bolşevik quldurlarının törətdiyi vəhşiliklərin fəsadlarını aradan qaldırmaq, soyqırımdan canını qurtaran vətəndaşlara yardım etmək, əhali arasında yayılan yolxucu xəstəliklərdən onları xilas etmək üçün tədbirlər həyata keçirilib. Şamaxıda böyüklər üçün 30 yerlik, uşaqlar üçün 80 yerlik qida qəbuletmə, xəstəxana məntəqəsi açıldı. Bu dövrdə bəzi ərazilərdə səpgili yatalaq xəstəliyindən gündə 10-15 adam həyatını itirirdi. Göyçayda da vəziyyət ağır olaraq qalırdı. Səhiyyə Nazirliyi epidemiyaya qarşı mübarizə üçün Şamaxı, Göyçay, Gəncə quberniyasının Şuşa və Cavanşir qəz.-na həkimlərin başçılığı ilə 15 epidemoloji-müalicə dəstəsi göndərdi.
AXC dövründə iqtisadi çətinliklərə baxmayaraq, mart qırğınları nəticəsində evindən-eşiyindən didərgin düşən 26877 Şamaxı qaçqınına 18244 pud taxıl məhsulları (arpa, buğda, düyü, bulğur) ilə yardım edildi. Şamaxıda olduğu kimi Göyçayda da uşaqlar üçün 100 yerlik qida qəbuletmə, xəstəxana məntəqəsi açıldı.
Mənbə: M.Zülfüqarlı. Göyçay tarixi. Bakı, 2022, s.103-107.