(17.11.1970, Göyçay ş.) – tərcüməçi, yazar, riyaziyyat e.d. (2005), İsveçin Umeo Universitetinin elmi işçisi, dos.
Göyçay ş.-də 3 saylı rus-beynəlmiləl orta məktəbini bitirdikdən sonra 1988 ildə Sankt-Peterburq Dövlət Universitetinə qəbul olmuş, 1993 ildən təhsilini aspiranturada davam etdirmiş və 1999 ilin 7 may tarixində AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda dissertasiyasını müdafiə edərək, fizika və riyaziyyat e.n. elmi dərəcəsini almışdır. 1993-97 illərdə həmin institutda kiçik elmi işçi, 1997–2000 illərdə isə böyük elmi işçi vəzifəsində işləmişdir. 1993–2000 illərdə “AMEA-nın Xəbərləri” jurnalının fizika-riyaziyyat və texnika elmləri seriyasının məsul katibi və rus/ingilis dillərinə tərcüməçisi, həmçinin “Riyaziyyat və Mexanika İnstitutunun əsərləri” jurnalının məsul katibi və tərcüməçisi işləmişdir.
2000 ildə Azərb. əsilli soydaşla ailə quraraq İsveçə köçmüş, burada elmi fəaliyyətini davam etdirmişdir. 2005 ildə dissertasiya işini müdafiə edən S.Kərimi doktor elmi adını qazanmış və hazırda İsveçin Umea Universitetində elmi işçi və lektor/dos. olaraq fəaliyyət göstərir. Bir çox elmi əsərlərin müəllifidir. İsveçdə Stokholm, Umea və Göteburq Universitetlərində Dil və ədəbiyyat fakültələrində İsveç və ingilis dilləri üzrə filoloji təhsil almış və master dərəcəsinə yiyələnmişdir. O həmçinin Umea Universitetində pedagogika, sosiologiya və Hüquq elmləri üzrə master dərəcəsini qazanıb. S.Kərimi yaşadığı ölkədə Azərb.-ın milli maraqları uğrunda aktiv fəaliyyət aparır. Dəfələrlə müxtəlif konfranslarda Azərb.-ın milli, mədəni və siyasi problemlərinə aid məruzələrlə çıxış etmişdir. Azərb. və İsveç qəzetlərində Azərb. xalqının milli-mənəvi dəyərlərinə aid məqalələri dərc olunmuşdur. Həyat yoldaşının yaratdığı “Araz” kültür dərnəyinin fəallarındandır. İsveçdə Azərb. Federasiyasının İdarə Heyətinin sədr müavinidir. S.Kəriminin Azərb. xalqının mənafeyi uğrunda gerçəkləşdirdiyi ən böyük layihələrdən biri olaraq İsveç Parlamentində 2017 ilin 9 may tarixində Azərb.-ın tarixçi alimi İsmayıl Xaqaninin iştirakı ilə keçirilən “31 mart 1918 – Azərbaycanda Soyqırımı Günü” konfransını isveç və ilgilis dilində birbaşa aparmasını hesab etmək olar. 2017 ildə “Azərbaycanın milli və siyasi ideologiyası haqqında” adlı kitabı dərc edilib. 2018 ildə İsveçdə “Hyresgäster” adlı yeni kitabı nəşr olunub. İsveçdə yaşayan azərbaycanlı yazar Vahid Qazinin “Çöl Qala” romanını İsveç dilinə tərcümə etmişdir. 2018 ildə AXC-nin 100 illik yubileyinin təntənəli keçirilməsinə nail olub. Yubiley konfranslarının bir neçəsi may ayında Azərb.-dan gəlmiş tarixçilərin iştirakı ilə təşkil olunub. Həmin dövrdə tarixçi alimlər Ədalət Tahirzadə və Dilqəm Əhmədin AXC-nin 100 illiyinə həsr olunmuş kitabını isveç və ingilis dillərinə tərcümə etmişdir. “REPUBLIKEN AZERBAJDZJAN (1918-1920)-den första demokratiska staten i Muslimska Östadlı” adlı həmin kitab 2018 ilin aprelində nəşr olunaraq İsveçdə və digər Avropa ölkələrində geniş yayılmışdır. Azərb. tarixi, ədəbiyyatı və mədəniyyəti ilə bağlı silsilə məqalələrin müəllifi olan S.Kəriminin yeni kitabı – onun müəllifliyi və tərcüməsi ilə hazırlanmış “Əsk-səda: Qarabağ, Təbriz və İrəvan şahidlərin hekayətlərində” (Efterdyningar: Ögonvittnen berättar om Karabach, Tabriz och Jerevan) antologiyası 2020 ildə çap olunmuşdur.
Mənbə: https://az.wikipedia.org/wiki/Səadət_Kərimi