ƏLİ Əfəndi
Səmədov Əli (1870 – 1938, Göyçay r-nunun Bığır k.) – XX əvvəllərində Göyçayda yaşayıb fəaliyyət göstərmiş maarifpərvər ziyalı.
Türkiyədə mükəmməl təhsil alıb vətənə qayıdandan sonra 1900 ildə öz evində məktəb açır. Bu məktəbdə qızlar da təhsil alırdı. İlk vaxtlarda yalnız şəriət dərslərinin keçilməsi sonralar Əli Əfəndini qane etmir, o, qəza mərkəzinin və Bakı ş.-nin rəhbərlərinə müraciət edərək yeni tipli məktəbin açılmasına nail olur (1909). Əli Əfəndi əmisi, kənd yüzbaşısı Şərifin köməyi ilə məktəb üçün bina da tikdirir. Şəkidən, İsmayıllıdan buraya müəllimlər dəvət edir. 1914 ildə məktəbin ilk buraxılışı olur. Həmin illərin yetirmələri arasında sonralar Lenin ordeni almış N.İsmayılov, Ə.Əliyev, İ.Rəsulov kimi pedaqoqların adlarını çəkmək olar. Əli Əfəndi sonralar təhsilə getdikcə artan marağı görərək Xalq Komissarları Sovetinin sədri N.Nərimanova məktəb üçün yeni binanın tikilməsi məqsədilə müraciət edir. Müraciətə müsbət cavab verilir. 1924 ilin sonunda 6 sinif otağı və 2 yardımçı otaqdan ibarət yeni bina hazır olur. Əli Əfəndi kəndli balalarının maariflənməsi yolunda əvəzsiz xidmət göstərib.
Məlumat ailəsindən alınıb.