Göyçay tarixi

Göyçayın zəngin tarixinin tədqiqinə başlamamışdan əvvəl bəzi məsələlərə aydınlıq gətirilməsinə ciddi ehtiyac var. Hər şeydən əvvəl aydınlaşdırılmalıdır ki, Göyçayın tarixi dedikdə biz hansı ərazinin tarixindən – bugünkü 55 kənd və 1 r-n mərkəzini əhatə edən ərazi, yoxsa bu ərazidən dəfələrlə böyük olan Göyçay qəz.-nın ərazisinin tarixindən bəhs etməliyik?
Göyçayın qəz. mərkəzi kimi ərazisi indiki rayon ərazisindən qat-qat çox ərazini əhatə edirdi. Ona görə də, fikrimizcə, dövrlər üzrə Göyçayın tarixinin izahı daha geniş ərazilərin tarixinin izahı ilə başlayıb, nəhayət, 1930 il 8 avqustda təşkil olunan indiki inzibati rayonun sərhədləri daxilindəki ərazilərin tarixinin izahı ilə yekunlaşmalıdır. Məsələn, əgər bu gün Göyçay r-nu ərazisində 55 kənd və 1 şəhər varsa, çar Rusiyasının Qafqazda apardığı inzibati islahatlar çərçivəsində 1867 ilin 9 dekabrında Bakı quberniyasının tərkibində Göyçay qəz. yaradıldı ki, bura indiki 7 r-nun – Göyçay, Ucar, Ağdaş, İsmayıllı, Ağsu, Kürdəmir, Zərdab rayonlarının əraziləri daxil idi. Qəza mərkəzi olan Göyçay yaşayış məntəqəsi isə 1916 ildən şəhər adlandırılıb və indiki 7 rayonun mərkəzi olubdur. (Zülfüqarlı M. “Göyçay tarixi”. Bakı, 2022, s. 5-7)