Göyçay toponimlərinin linqvistik təhlili
Bu gün adları öyrənmək xalqın dili, tarixi, etnik mənşəyi, etnoqrafiyası, məşğuliyyət sahələri haqqında təsəvvürü genişləndirir, dünənimizlə bu günümüz arasında mənəvi körpü yaradır.
Şirvan düzünün şm.-lında, Göyçay çayının sahilində yerləşən Göyçay ş. eyniadlı r-nun mərkəzidir. Şəhərin və r-nun adı çayın adından götürülmüşdür. Göyçay ş.-nin yerində keçmişdə Potu k.-nə məxsus bağların olduğu qeyd edilir (15, s.325). XIII əsrin ikinci yarısında indiki Göyçay ş. nin yerləşdiyi ərazinin meşəlik olması və bu yerin Ərvan adlandırılması söylənilir (39, s.57). Keçmişdə Aran r-nlarına yol buradan keçdiyinə görə Potu bağları ərazisində karvansara salınmış və mal bazarı olmuşdur. Bazara mallar Potu k.-dən gətirildiyindən ona Potubazar deyilirmiş. Bazar dağıldıqdan sonra onun adı bir müddət də qalmış, sonralar isə bu ad istifadədən çıxmışdır. Sonralar burada poçt məntəqəsi yaradılmış və 1851 ildə məntəqə ətrafında cəmi 5 evin olduğu bildirilir.