Mırtı k. göyçaylılar tərəfindən Şeyxlər k. kimi tanınır. Vaxtilə bu k.-də çox böyük kəramət sahibi olan şeyxlər yaşamışdır. Onların əsli Ərəbistandan gəlmədir. Bu şeyxlərin ilk bura gələninin Durnatutan baba olduğunu deyirlər. Durnatutan babanın əsl adı Sarvan baba olmuşdur. Bu ləqəbin ona verilməsi onun göstərdiyi kəramətinə bağlıdır. Bir gün baba namaz qılarkən yanında olan körpələrdən biri havada uçan durnalara baxıb ağlamış, o quşlardan birini istəmişdir. Baba da uşağı sakitləşdirmək üçün o durnalardan birini kəraməti sayəsində tutub uşağa vermişdir. Bundan sonra baba “Durnatutan” ləqəbini almışdır. Durnatutan babanın övladlarından da tanınmış şeyxlər olmuşdur. Övladlarından Piri baba, Cəbi baba, Cabbar baba, Şərif baba, Sədrəddin baba, Nəbi Şıx. Bunların arasında Şərif babanın, Cəbi babanın qəbirləri bu gün insanların inam yerlərindən birinə çevrilmişdir. Bu şeyxlər insanların yaddaşında fəqir-füqəraya baxan, yetim-yesirə yardım edən və insanların imdadına çatan şəxslər olaraq həkk olunmuşdur. Onların adı ilə bir çox kəramətli əhvalatlar, inanclar bağlıdır və bunlar bu gün də xalqın yaddaşında hifz olunmaqdadır. Bu gün həmin ocağa bir çox insanlar, xəstələr gəlirlər.
Mənbə: İ.Musayev. “Göyçay rayonundakı dini abidələr və tarixi şəxsiyyətlər”, Bakı, “İpəkyolu“, 2014, s. 100-102.
Ətraflı oxu