QASIMOV Qafur Əbdülqasım oğlu
(25.9.1909, Göyçay r-nunun Qızılağac k. – 1.10.1989, Göyçay ş.) – dövlət qulluqçusu, partiya işçisi, kolxoz sədri, 5-ci və 6-cı çağırış SSRİ Ali Sovetinin deputatı (1958, 1962). Qızılağac k. 7 illik məktəbini, Pedaqoji Texnikumu (1932), Azərb. Ali Kommunist Məktəbini (1936) bitirib. Zərdab r-n Komsomol Komitəsinin katibi (1936), Zərdab r-n Xalq Maarif Şöbəsinin müdiri (1937), Zərdab r-n Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədr müavini (1938), Ucar qəsəbə Sovetinin sədri (1939), Azərb. Biyan Kombinatının Ucar filialının direktoru (1940-41) vəzifələrində işləyib. 1941 ilin iyul ayında hərbi xidmətə gedib. 1941 ildə Bakı ş.-də siyasi rəhbər hazırlayan kursu, 1944 ildə özüyeriyən artilleriya kursunu bitirib. 1942 ilin yanvar ayından cəbhədə olub. Krım (1942), Stalinqrad (1943), 4-cü Ukrayna cəbhələrində vuruşub. Krım (1942) və Ukrayna cəbhələrində (1943) yaralanıb. 1944 ilin sonunda səhhəti ilə əlaqədar hospitala göndərilib, 1945 ildə baş leytenant rütbəsində ordudan tərxis olunub.