İBRAHİMOV Hümbət Bilal oğlu
(1904, Göyçay qəz. Bığır k. – itkin düşüb) – Böyük Vətən müharibəsi iştirakçısı.
H.İbrahimov 1904 ildə Göyçay qəz.-nın Bığır k.-də anadan olub. İsmayıllı r-nunun Quşencə k.-də kənd sovetinin sədri işləyib. Böyük Vətən müharibəsi başlayanda Bığır k.-dəki Voroşilov adına kolxozun sədri təyin edilib. 1943 ilin dekabrında ön cəbhəyə göndərilib. 589-cu atıcı alayın 216-cı atıcı diviziyasının tərkibində Krımdan Polşaya qədər döyüş yolu keçib. Krım, Kiyev, Minsk, Litva, Polşa ərazilərində gedən döyüşlərdə qəhrəmanlıqla vuruşub. 1944 ilin mart ayında yaralanıb. 1944 il iyul ayının 24-27-də Litvanın Skaşipkis kəndi uğrunda gedən döyüşlərdə 2 düşmən snayperini məhv edib, kəşfiyyatdan qiymətli məlumatlarla geri dönüb, birinci olaraq kəndə daxil olub və düşmənin canlı qüvvəsini məhv edib. Bu şücaətinə görə 3-cü dərəcəli “Şöhrət” ordeni ilə təltif edilib. H.İbrahimov müharibənin sonlarında itkin düşüb.
Mənbə: M.Zülfüqarlı, “Göyçay tarixi”, Bakı, 2022, s. 207-208.