HACI SÜLEYMAN Ustad Qaraqoyunlu
Hacı Süleyman Ustad ibn Həsən əş-Şəkəristani Qaraqoyuni (1830, Göyçay qəz. Şəkər k. – ?) – din xadimi.
Əl-Hac Hüseyn Əfəndi Şirvaninin qardaşıdır. Hacı Hüseyn Əfəndi ilə birlikdə Külüllü Hacı Əhməd Əfəndiyə intisab etmişdir. Zahiri və batini elmlərdə uğur qazanan Hacı Süleyman Ustad Hacı Əhməd Əfəndinin Tambova sürgün edilməsindən sonra Hacı Hüseyn Əfəndiyə xəlifəlik etmiş, onun vəsiyyətinə rağmən vəfatından sonra (1880) irşad məqamına keçmişdir. Hacı Süleyman Ustadın Çar Rusiyasına dərin nifrət bəslədiyini söyləyirlər. Onların hər bir addımına, hətta məktəb açmasına belə pis baxmışdır. Odur ki, dəfələrlə həbs olunmuşdur. M.Mahmudbəyov rəvayət edir ki, Kalvada (Ağsu r-nu) yeni üsulla məktəb açıldıqdan sonra (1889) Hacı Süleyman bir daha Kalvaya ayaq basmır və buradan rus iyinin gəldiyi üçün müridlərə xeyir-duasını verə bilməyəcəyini söyləyir.