(8.12.1964, Göyçay r-nunun Ləkçıplaq k.) – tanınmış jurnalist, SSRİ Jurnalistlər İttifaqının üzvü (1990).
Azərb. Texniki Universitetini bitirib. Lakin gənc yaşlarından taleyini nəşriyyatla, mətbuatla bağlayıb. Ali məktəb illərində “Azərbaycan” nəşriyyatında adi işçidən sex rəisi vəzifəsinədək yüksəlib. Jurnalistika fəaliyyətini “Azərbaycan gəncləri”, “Savalan”, “Mozalan” qəzetlərində genişləndirib. 1991 ildə SSRİ Jurnalistlər İttifaqı nəzdində yeni açılmış Ümumittifaq Fotojurnalistika fakültəsinin ilk məzunlarından olub. Həmin vaxtlarda Bakıda “Azərbaycan gəncləri” qəzetində Azərb.-nın Milli Qəhrəmanı S.Əsgərova ilə eyni vaxtda jurnalistlik fəaliyyəti ilə məşğul olaraq erməni işğalçılarının iç üzünün və məkrli siyasətinin geniş ictimaiyyətə çatdırılmasında fəal iştirak edib. 1992 ildən Azərb. Dövlət Televiziyasında “7…17” musiqili verilişinin yaradıcısı olub. 1995 ildə verilişin önəmli uğurları verilişin müəllifinə şöhrət gətirdi. Həmin ilin noyabrında Rusiyanın paytaxtı Moskva ş.-də keçirilən “Uşaq və gənclərin televiziya verilişləri festivalı”nda “7…17” proqramı 1-ci yerə layiq görülüb. Azərb. teleməkanında ilk olaraq həmin gün veriliş bir nömrəli Ostankino kanalında nümayiş etdirilib və hər iki ölkənin mətbuatında geniş işıqlandırılıb.
Bəstəkar V.Camalzadə, müğənnilər Azərin, S.Ələkbərzadə, L.Məmmədova, İ.İbrahimova, X.Manaflı, A.Dadaşova, C.Nemətov, S.Piriyev, İ.Bağırov və başqaları sənətdə ilk addımlarını məhz bu verilişdə atıblar. Quluoğlu müxtəlif vaxtlarda Bakıda qastrol səfərində olmuş Özbəkistanın məşhur “Yalla” ansamblının bədii rəhbəri F.Zakirovdan, SSRİ Xalq artisti S.Rotarudan, Özbəkistanın Xalq artisti N.Abdullayevadan, türk pop ulduzu A.Pekkandan və başqa tanınmış məşhurlardan müsahibə alıb. 1989 ildə Bakıya ilk dəfə qastrol səfərinə gələn türk müğənnisi M.Akaydan, eləcə də 1991 ildə Bakıya ilk səfəri zamanı dünyaca məşhur türk müğənnisi B.Mançodan aldığı müsahibələr “Azərbaycan gəncləri” qəzetində dərc olunub. 1992 ildə B.Mançonun dəvəti ilə “7…17” proqramı İstanbulda qastrol səfərində olub. Quluoğlunun televiziya üçün müsahibə götürdüyü şəxslər arasında yerli məşhurlar H.Bağırov, Z.Yaqub, R.Balayev, Y.Nuri, Gülyaz və Gülyanaq Məmmədovalar, E.Mansurov, H.Əliyev, A.Ələsgərli, B.Əşrəfov və başqalarının da adları yer alıb. Quluoğlu müxtəlif vaxtlarda “MİR” telekompaniyasında redaktor, Rusiyanın İnterAz telekanalının Azərb. nümayəndəliyi üzrə baş direktorunun birinci müavini və AR Milli Məclisində deputat köməkçisi işləyib. Quluoğlu “Araz” ədəbi ali mükafatına layiq görülüb. O, 2000 ildə “Azərbaycan” nəşriyyatı tərəfindən çap olunmuş “Göyçaydan başlanan ömür yolu” kitabının həmmüəllifidir.
Məlumatı D.Quluoğlu təqdim edib