Professor Hümmət Paşa oğlu Hüseynov 1926-cı ildə Göyçay rayonunun Qarabaqqal kəndində anadan olub.
1950-ci ildə “riyaziyyat” ixtisası üzrə ADU-nin fizika-riyaziyyat fakültəsini fərqlənmə ilə bitirib. 1951-1953-cü illərdə akad. İ.M.Qubkin adına Moskva Neft-kimya və qaz sənayesi institutunun aspirantı olub. 1954-cü ildən AzETNÇİ-da boyük elmi işçi işləyib. 50-ci illərdin ortalarında onun təşəbbüsü ilə, sonralar uzun müddət rəhbərlik etdiyi “Yeraltı hidrodinamika” laboratoriyası yaradılıb. 1954-cü ildə “Qazlaşdırılmış mayenin məsaməli mühitdə hərəkəti məsələlərinin hidrodinamiki tədqiqatları” mövzusunda namizədlik, 1961-ci ildə isə “Neft layının hidrodinamiki ünsürləri” mövzusunda doktorluq dissertasiyaları müdafiə edib. 1982-ci ildən onun elmi pedaqoji fəaliyyəti həmçinin AzPİ ilə də bağlı olub ki, burada o uzun müddət “Hidravlika və hidravlik maşınlar” kafedrasına rəhbərlik edib.
H.P.Hüseynov tanınmış alim kimi layların yeraltı hidrodinamikasının və neft-qaz yataqlarının işlənilməsinin bir çox istiqamətləri ilə məşğul olub. Elmi tədqiqatların sahəsi lay mayelərinin süzülməsi proseslərinin yeraltı hidrodinamikası məsələləri; neft və qaz yataqlarının layihə edilməsi və işlənilməsinin təhlili idi.H.P.Hüseynov 280-dən artıq elmi məqalənin və 3 monoqrafiyanın müəllifdir. 20 elmlər namizədi hazırlamışdır. Bir sıra medal və fəxri fərmanlarla mükafatlandırılıb.
Alim 1995-ci idə vəfat edib.
Əd.:
https://az.wikipedia.org/wiki/H%C3%BCmm%C9%99t_H%C3%BCseynov