(1947, Göyçay r.) – iqtisad e.d. (1994), prof.
1961 ildə orta məktəbin 8-ci sinfini bitirərək Göyçay Kənd Təsərrüfatı Texnikumuna daxil olub. 1963 ilin dekabr ayından texnikumda oxuya-oxuya Göyçay avtobazasında ilk əmək fəaliyyətinə başlayıb. 1966 ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna (indiki ADİU) daxil olub. Tələbə ikən elmi məruzələrlə Azərb.-nın hüdudlarından kənarda, 1970 ildə Riqada, az sonra isə Moskvada tələbə cəmiyyətinin xətti ilə keçirilən konfranslarda çıxış edib. 1971 ildə təhsil aldığı institutun elmi, ictimai-siyasi həyatında fəal iştirak etdiyinə və institutu fərqlənmə ilə bitirdiyinə görə gənc mütəxəssis kimi institutda saxlanılıb. Bir il kafedrada əvvəlcə laborant, sonra isə baş laborant vəzifəsində işlədikdən sonra istehsalatdan ayrılmaqla aspiranturaya daxil olub.
Aspiranturanı müvəffəqiyyətlə bitirdikdən sonra Azərb. Xarici Dillər İnstitutunun “Siyasi iqtisad” kafedrasına baş müəllim göndərilib. 1979 ildə Azərb. EA-nın İqtisadiyyat İnstitutunun İxtisaslaşmış Elmi Şurasında namizədlik dissertasiyasını müdafiə edib. Daha sonra doktorluq dissertasiyası üzərində işləyib. Problem mürəkkəb və çoxcəhətli olduğundan Ukraynaya göndərilib. Kiyev Universitetində doktoranturada oxuyub, tədqiqat işini davam etdirib və dissertasiyasını tamamlayıb. 1994 ilin dekabr ayında Kiyev Universitetinin ixtisaslaşmış Elmi Şurasında dissertasiyanı müdafiə edərək iqtisad e.d. alimlik dərəcəsi alıb. Bir neçə il sonra professor vəzifəsinə seçilib.
1998 ildən ADİU-nun, 2002 ildən isə MEA İqtisadiyyat İnstitutunun ixtisaslaşmış müdafiə şurasının üzvü seçilib. «Azərbaycan və milli iqtisadi inkişaf modelləri», «İqtisadi məqsədlər və problemlər», «Beynəlxalq iqtisadiyyat və Milli iqtisadiyyatın səmərəliliyi», «Azərbaycan regional iqtisadi inteqrasiya prosesində» adlı dörd maraqlı məruzəsi beynəlxalq konfranslarda maraqla dinlənilmişdir. AMEA-nın İqtisadiyyat İnstitutunun Xarici İqtisadi Əlaqələr bölməsinin baş elmi işçisi, həmin institutun ixtisaslaşmış müdafiə şurasının üzvüdür. 2015 ilin oktyabrından İqtisad Universitetinin yeni yaradılmış “Beynəlxalq iqtisadiyyat” kafedrasına rəhbərlik edir. Respublikanın ali məktəblərində iqtisad elminin tədrisinə dair, son beş ildə bir sıra maraqlı dərsliklər, dərs vəsaitləri, metodik göstərişlər, fənn proqramları və tədris vəsaitləri hazırlayıb çap etdirmişdir. 100-ə yaxın elmi məqalənin, bir neçə monoqrafiyanın, dərslik və dərs vəsaitlərinin müəllifidir.
Mənbə: V.Abdullayev, R.Quliyev. Çinarlı yurdun övladları (əlyazması hüququnda). s.14-15