(9.2.1936, Göyçay r. – 2.10.2001, Bakı s.) – bəstəkar, Əməkdar incəsənət xadimi (1992).
Bakı Musiqi Texnikumunu tar sinfi üzrə bitirmişdir (1958). ADK.-da Bəstəkarlıq fakültəsində (Q.Qarayevin sinfi) təhsil almışdır (1958-63). 1 opera (“Aldanmış ulduzlar”), 7 simfoniya, “Simfoniya-rekviyem”, “Rekviyem” əsərinin, kamera instrumental əsərlərin (“Muğamsayağı”), “Şəbi-hicran” vokal poemasının, “Üç portret” vokal silsiləsinin, fortepiano və b. əsərlərin müəllifidir. Musiqi tarixinə özünəməxsus dəst-xəti olan, istedadlı simfoniya ustası kimi daxil olmuşdur.
O, yaradıcılığında aşıq musiqisinə də böyük önəm vermişdir. IV simfoniyasına (“Muğam”) “Yanıq Kərəmi” aşıq havasını (o cümlədən, “Şalaxo” rəqs havasını) daxil etmiş, bununla da musiqinin ümumi-dramaturji inkişaf xəttində kontrastlılığı və janrvari başlanğıcı gücləndirmişdir.
Azərb. milli simfonizminin ən gözəl səhifələrindən biri hesab olunan V simfoniyanın II hissəsində də bəstəkar aşıq intonasiyaları və rəqs melodiyalarının (“Tərəkəmə”) ritmik xüsusiyyətlərindən istifadə etmişdir. F.Qocanın sözlərinə “Dədə Qorqud diyarı” adlı birhissəli kantatasını (xor və orkestr üçün), “Aşıqsayağı” əsərini, saz və orkestr üçün yazılmış “7 Azərbaycan xalq mahnısı”nı (“Süsən sünbül”, “Yaxan düymələ”, “Dəli ceyran” və b.) bəstələmişdir.
Mənbə: “Ozan-aşıq ensiklopediyası”. (2 cilddə), Aşıqlar Birliyi, “Gənclik” nəşriyyatı, II cild, Bakı, 2020, s. 66.