Əhmədov Sabir Xasay oğlu (12.5.1950, Göyçay r-nunun Bəydövül k. – 7.2.2005, Bakı ş.) – şair, yazıçı-ssenarist, AYB-nin üzvü (1988).
Kənd orta məktəbini bitirib. Əmək fəaliyyətinə doğma kənd məktəbində pioner baş dəstə rəhbəri kimi başlamışdır (1967-69). ADU-nun (indiki BDU) Tarix fakültəsində təhsil alıb (1974). Təyinatla İsmayıllı r-nu Qalıncaq k. orta məktəbində tarix müəllimi işləmişdir (1974-76). Sonra C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasinda ssenarist (1977-79), Göyçay r-nunun orta məktəb müəllimi (1981-84) olmuşdur. H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında ədəbi hissə müdiri, AYB-də məsləhətçi, həmçinin müxtəlif mətbuat orqanlarında işləyib. Tələbəlik illərindən ədəbi fəaliyyətə başlayıb. Onun ssenarisi əsasında “Papaq” (“Evlənmək istəyirəm”) bədii fılmi çəkilib. Şeirləri və digər yazıları “Azərbaycan”, “Ulduz”, “Qobustan” jurnallarında, “Ədəbiyyat” qəzetində və digər mətbuat orqanlarında çap olunub. “Üz tutduğum adamlar” (1986), “Ağlayan divarlar” (2003) şeirlər kitabının və “Yüz böyük türk” tərcümə kitabının müəllifidir. Bir çox şeirləri rus dilinə tərcümə edilib. Azərb. Teatr Xadimləri İttifaqının və Azərb. Kinematoqrafçılar İttifaqının üzvü olub.
Mənbə: T.Əhmədov. “Azərbaycan yazıçıları (XX–XXI yüzillikdə). Ensiklopedik məlumat kitabı.”, Bakı, “Nurlar”, 2011, s. 799.
Ətraflı oxu