MƏMMƏDOV Feyruz Dadaş oğlu
(4.7.1940, Göyçay ş. – 27.11.2002) – şair, dramaturq, Əməkdar mədəniyyət işçisi.
ADİİ-ni bitirib. Məmmədov hələ kiçik yaşlarında şeir yazmağa böyük həvəs göstərib. 15 yaşında yazdığı “Ana” şeiri festivalda 1-ci yerə layiq görülüb. Qələmə aldığı minə yaxın şeiri, 20-dən artıq pyesi, qəzəlləri, rübailəri, poemaları müxtəlif illərdə dövri mətbuatda dərc olunub. Onun 1970-80 illərdə Azərb. teatrının inkişafında önəmli rol oynayan “Sirli dəyirman”, “Dəli dünya”, “Meşədə döyüş”, “Ayrılıq”, “Taleyin cəzası”, “Anasının gül balası”, “Ac qulağım, dinc qulağım”, “Ayrılmırıq, vəssalam”, “Tələ quran özü düşər”, “Təlxəyin nağılı”, “Ən ağır cəza” və s. pyesləri teatrsevənlərin yaxşı xatirindədir. Həmin pyeslərin ən böyük əhəmiyyəti ondan ibarətdir ki, onlar dünənimizi özündə əks etdirməklə bu günümüzdə də aktuallığını itirməyib.