ÇİNAR
(Platanus) – çinar fəsiləsindən bitki cinsi. Sıx və enli çətirli, yarpağıtökülən, hündür ağaclardır. Silindrşəkilli, lay-lay qopan yaşılımtıl-boz qabıqlı gövdəsinin dairəsi 18 m-ə çatır, hünd. 50 m-ə yaxın olur. Xırda çiçəkləri bircinsiyyətlidir. Yarpaqları növbəli, barmaqvari-dilimli, saplağı uzundur. Meyvəsi şarvari meyvə qrupunda toplanır. Təbaşir dövrü süxurlarında qalıqları tapılmışdır. Şimali Amerikada və Şərqi Aralıq dənizi sahilindən Hind-Çinə qədər 10 növü yayılmışdır. Xüsusən erkən yaşlarında tez böyüyür, 2000 ilədək və daha çox yaşaya bilir. Qafqazda, o cümlədən Azərb.-da, Krımda, Orta Asiyada şərq çinarı, Ukraynanın c.-unda və Qafqazın Qara dəniz sahillərində qərb çinarı, Belorus və Ukraynanın c.-unda, Zaqafqaziyada və Orta Asiyada hibrid çinar bitir.