ORUCLU Məryəm Rəsul qızı
(12.8.1959, Naxçıvan MR Şərur r-nu) – tarixçi alim, tarix ü.f.d. (1999), dos. (2019).
Orta təhsilini Göyçay r-nunda alıb. BDU-nun Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib (1981). Daha sonra AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunda baş laborant vəzifəsindən aparıcı elmi işçi vəzifəsinə qədər yüksəlib. 1999 ildə “Azərbaycanda və mühacirətdə Müsavat Partiyasının fəaliyyəti” mövzusunda fəlsəfə doktoru dissertasiyası müdafiə edib. 2001 ildə eyniadlı monoqrafiyası çap olunub. Müəllifi olduğu bu kitab Türkiyənin müxtəlif unversitetlərində dərslik kimi istifadə olunur. AXC-nin tarixi ilə bağlı Azərbaycanda və Türkiyədə çoxsaylı məqalələri çap olunub. Uzun müddət AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun “Etno-sosioloji tədqiqatlar” şöbəsində çalışmaqla etno-siyasi münaqişələrlə bağlı araşdırmalar aparıb və postsovet məkanında mövcud olan münaqişələrin mahiyyəti ilə bağlı çoxsaylı məqalələri çap olunub. Hazırda “Cənubi Qafqaz dövlətlərinin müasir inkişafının etno-siyasi aspektləri” mözusunda tədqiqat işi ilə məşğul olur.