MAHMUDOV Rəsul Qasım oğlu
(1.3.1913, Göyçay ş. – 9.7.1985, Bakı ş.) – Əməkdar mühəndis.
Azərb. Kənd Təsərrüfatı İnstitutunu (1935) və Ukraynanın Melitopol ş. yerləşən Kənd Təsərrüfatı Akademiyasını (1937) bitirmişdir. Sonra Göyçayda yeni təşkil olunmuş Kənd Təsərrüfatının Mexanikləşdirilməsi və Elektrikləşdirilməsi Texnikumuna müəllim təyin olunmuşdur. Böyük Vətən müharibəsi başlayanda cəbhəyə yola düşmüş və Berlinə qədər şərəfli döyüş yolu keçmişdir. Mahmudov savadlı və bacarıqlı mühəndis kimi cəbhədə döyüş zamanı zədələnmiş texnikaların operativ surətdə təmir olunaraq yenidən istifadəyə verilməsində də özünü göstərmişdir. Müharibə bitdikdən 6 ay sonra Mahmudov Göyçaya qayıdır və burada öz peşəsini davam etdirir. Sonralar o, uzun müddət (1950-60) Göyçay Kənd Təsərrüfatının Mexanikləşdirilməsi və Elektrikləşdirilməsi Texnikumunun direktoru vəzifəsində çalışıb. Daha sonra Mahmudov r-da təzəcə açılmış maşın təmiri emalatxanasına müdir təyin olunmuşdur. O öz gərgin əməyi sayəsində bu emalatxananın böyük bir zavoda çevrilməsinə nail olmuş və 1966 ilədək bu zavodda direktor vəzifəsində çalışıb. Həmin ilin yanvarında Azərb. KTN-in dəvəti ilə o bu nazirliyin İxtiralar və səmərələşdirici təkliflər şöbəsinə müdir təyin olunub, ömrünün sonuna qədər bu vəzifədə çalışıb.
Məlumat ailəsindən alınıb.