QULİYEV İlqar Əhməd oğlu
İlqar Əhmədoğlu (1.7.1956, Göyçay r-nunun Mallı-Şıxlı k.) – yazıçı-publisist, AYB (2010) və AJB-nin üzvü (1978).
ADU-nun (indiki BDU) Filologiya fakültəsinin axşam şöbəsini bitirib (1980). 1977-91 illərdə “Yazıçı” nəşriyyatında redaktor vəzifəsində işləyib, 1987 ildə keçmiş Almaniya Demokratik Respublkasında xidməti ezamiyyətdə olub. 30-dan çox kitabın nəşriyyat redaktorudur. Ukraynanın Lvov ş.-də Poliqrafiya İnstitutunda təhsil alıb. 1987 ildə Moskva ş.-də Ali zabitlər kursunu bitirib. İ.Quliyev 1991-92 illərdə Azərb. Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində sədr müavini işləyib. 1992–2016 illərdə dövlət təhlükəsizlik orqanlarında xidmət edib. Azərb. sərhədləri milliləşən zaman o, həmin proseslərin iştirakçısı olub, hərbi jurnalist kimi onlarla məqalə, reportaj, sərhədlə bağlı, sərhədçilərin həyatından bəhs edən bədii, publisistik yazılar qələmə alıb. Xidmət etdiyi dövrdə fəxri fərman və medallarla təltif olunub.