oyk., mür. Azərb. Resp. Göyçay r-nunun eyniadlı i.ə.v.-də kənd. Göyçayın sahilində Şirvan düzündədir. Oykonim orada yaşamış qarabaqqal nəslinin adını əks etdirir. Yerli məlumata görə, kəndin əhalisi Qarabağ xanlığından köçüb gəlmişdir. Başçıları guya baqqallıqla məşğul olmuş Qara adlı şəxs olduğu üçün nəsil belə adlanmışdır.
Mənbə: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. 2 cild, Bakı, “Şərq-Qərb”, 2007, s.18.
Qarabaqqal k.-də vaxtilə 5-6 məscid və bir çox hücrənin olduğunu deyirlər. Qarabaqqal k.-də ilk məscid Rəhim Əfəndinin adı ilə bağlıdır. İlk məscidi Rəhim Əfəndi tikdirmişdir. Rəhim Əfəndinin atası bu k.-də ilk məskunlaşan insanlardan olub. Bu k.-də ilk yaşayış 1810-20 illərdə başlamışdır. Kənddə yaşamış Molla Əziz kişi 1960-62 ilərdə İsmayıl Abdulqədir oğlu ilə bu barədə söhbət edib. O zaman Əziz kişi 70-75 yaşlarında olardı. O deyirdi ki, Rəhim Əfəndi həmin məsciddə ona dərs verib. O zaman onun 11 yaşı var idi. Bu da təxminən 1890 illərə təsadüf edir. Belə qənaətə gəlmək olar ki, Rəhim Əfəndinin atası Hacı İsmayıl kişi 1810-20 illərdə bu kənddə ilk məskunlaşan insanlardan olub. Hacı İsmayılın adını həmin şəxs daşıyırmış. Məlumatı verərkən 66 yaşında olub.
oyk., sadə. Azərb. Resp. Göyçay r-nunun Ləkçıplaq i.ə.v.-də kənd. Ovalıqdadır. Kəndin adı qaraman tayfasının adı ilə əlaqədardır. Bir məlumata görə, 2000 çadırdan ibarət qaramanlar Səlcuq sultanı Toğrul bəy dövründə (1038-63) əvvəlcə Anadoluya gəlmiş və buradan da başqa yerlərə, o cümlədan Azərb.-a yayılmışlar. Qaramanların XII əsrdə şm.-dan Azərb.-a gəlməsi və buradan müəyyan hissəsinin Ön Asiyaya köçməsi fikri də mövcuddur. Onlar varsaq, qara, İsa, kosun və qıştəmir qollarından ibarət olmuşlar. XV əsrdə Cənubi Azərb. yaşamış qaramanlar qızılbaş tayfalarından biri olmuşdur.
Bu kənddə ilk məscidi Hacı Salman Əfəndi tikdirmişdir. Bu da təxminən XIX əsrin ortalarına, 1840-50 illərə təsadüf edir. Hacı Salman Əfəndi buraya İsmayıllı r-nunun Xəlilli k.-dən gəlmişdir. Bu gün Hacı Salman Əfəndinin qəbri insanların inam yerlərindən biridir. Həmin məscid indiki Qaraman k. orta məktəbinin futbol meydançasının ərazisində yerləşirdi.
Əsasən, Kiçik Asiyada yaşayan türkdilli tayfa. Qaramanlıların bura nə vaxt və hansı yolla gəlmələri haqqında müxtəlif fikirlər var. Rəşidəddin Qaramanlıların səlcuq sultanı Toğrulun dövründə (1038-63) Anadoluya gəlib orada qaldıqlarını göstərmişdir. Qaramanlılar müstəqil Qaraman bəyliyi yaratmışdılar. 13 əsrin 1-ci yarısından başlayan monqol istilaları zamanı Orta Asiyada yaşayan Q.-ın Azərb.-a gəlməsi və bir qisminin burada qalması məlumdur (Azərb. SSR-in Yevlax, Göyçay, Salyan r-nlarındakı Qaraman, Qaramanlı, k.-lərinin adı Qaramanlılarla əlaqədardır). Azərb.-da qalmış Q. ölkənin siyasi həyatında, həmçinin azərb.-ların etnogenezində iştirak etmişlər. Qaraqoyunlu Qara Yusifin qoşun başçısının adı Qaraman idi. Səfəvi ordusunda qaramanlı tayfa bəyləri vardı.
oyk., mür. Azərb. Resp. Göyçay r-nunun eyniadlı i.ə.v.-də kənd. Şirvan düzündən şm.-da Girdimançay ilə Göyçay çayı arasında uzanan yüksəklikdə, Qaraməryəm tirəsinin ətəyindədir. Bəzi tədqiqatçılara görə, qismən təhrifə uğramış toponim Qaramərən olmalıdır. Kənd adını oradakı eyniadlı çayın adından almışdır. Çayın adı qara və monqol dilindəki mərən (çay) sözlərindən ibarət olub, “qaraçay” mənasındadır. Əslində, kənd ətəyində yerləşdiyi eyniadlı tirənin adı ilə adlanır. Keçən əsrin əvvəllərində kəndin adı Qaraməryən variantında da qeydə alınmışdır.
Mənbə: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. 2 cild, Bakı, “Şərq-Qərb”, 2007, s. 33.
Qafqaz İslam Ordusu qüvvələri ilə S.Şaumyanın başçılıq etdiyi Bakı Xalq Komissarları Sovetinin bolşevik.-daşnak quldur dəstələrindən ibarət Qafqaz Qırmızı Ordusu hissələri arasında baş vermiş döyüşlər (1918, 16-30 iyun). 1918 il iyunun 16-da səhər saat 9-da başlayan döyüşdə Qafqaz Qırmızı Ordusunun 3-cü briqadasının qüvvələri azərbaycanlılardan, gürcü və dağıstanlılardan ibarət dəstənin üzərinə hücuma keçdi. Türk hərbi qüvvələri bölgəyə gəlib çatmadığından Qaraməryəm ətrafında dayanan müdafiə dəstələri qeyri-bərabər döyüşdə geri çəkilmək məcburiyyətində qaldılar və bolşevik.-daşnak qoşunları Qaraməryəmi ələ keçirdilər. İyunun 18-də bölgəyə yetişmiş 5-ci Qafqaz firqəsinin (diviziyasının) 10-cu alayı da döyüşə qoşuldu. Lakin döyüş hazırlığı görülmədiyindən və əməliyyat planı istər diviziya, istərsə də ordu komandanlığı ilə razılaşdırılmadığından, nəticə uğursuz oldu. Göstərilən bütün cəhdlər boşa çıxdı. Daşnak Hamazaspın başçılıq etdiyi 3-cü briqadanın hissələri isə, əksinə, Qaraməryəmdə daha da möhkəmləndilər və Göyçaya hücum etmək üçün əlverişli mövqelər ələ keçirdilər.
Qaraməryəm k.-inin məscidi müasir tikililərdəndir. Məscid 1990 ildə (h. 1410) kənd camaatının verdiyi vəsait hesabına tikilmişdir.
Binanın ümumi sahəsi 395 kv.m-dir. İbadət zalı (24 m x 10 m) 240 kv.m-dir. Bu zalın işıqlı olması üçün 1 qiblə tərəfdə, 2 ön fasadda olmaqla 3 pəncərəsi və zala daxil olmaq üçün 2 qapısı vardır. Burada qadınların və kişilərin ayrı-ayrılıqda ibadət etmələri üçün ibadət zalı iki hissəyə ayrılmışdır. Qadınlar üçün ayrılmış zal (8 m x 10 m) 80 kv.m-dir. Zala giriş qapısı qiblə divarındadır. Giriş qapısı önündə 5 m enində, 7 m uzunluğunda eyvan vardır. Kişilər üçün ayrılmış zal 10 m enində, 16 m uzunluğunda 160 kv.m-dir. Buranın giriş qapısı şm. tərəfdəndir. Məscidin önündə, yəni şm. hissədə 5 m enində məscid boyu uzanan eyvan vardır. Döşəməsi torpaq, tavanı isə taxtadandır. Məscidin damı ağ dəmir örtüklə örtülmüş, minarəsi damın üzərində 2 m hün.-dədir. Yerdən minarənin üstünədək hündürlüyü 10 m-dir. Məscidin inşasında çaylaq və mişar daşından istifadə olunmuşdur.
Mənbə: İ.Musayev. “Göyçay rayonundakı dini abidələr və tarixi şəxsiyyətlər”, Bakı, İpəkyolu, 2014, s. 65-66.
Azərb. Resp. mərkəzi hissəsində, Kür çökəkliyində dağ tirəsi. Göyçay çayı yaxınlığından başlayaraq, Ağsu çayınadək davam edir. Acınohur ön dağlığından Qarayazı və Külüllü dərələri ilə ayrılır. Uz. 46 km, hünd. 350 m-ə qədərdir. Şm. yamacları meyilli, Şirvan düzünə tərəf yönəlmiş və kəskin parçalanmış c. yamacları isə dikdir. Antropogenin gil, qum, konqlomerat və s. süxurlarından təşkil olunmuşdur. Çöl arid kolluq landşaftı var. Qış otlağı kimi istifadə olunur. Taxıl əkilir.
Mənbə: ASE. 10 cilddə, III cild, Bakı, 1979, s. 63.
Sovet hakimiyyətinin ilk illərindən başlayaraq yeni quruluşa qarşı baş qaldıran narazılıqlar ötən əsrin 30-cu illərinin ortalarına qədər davam etdi. Həmin dövrdə kollektivləşməyə, yəni kolxoz quruluşuna qarşı ayrı-ayrı bölgələrdə baş verən bu narazılıqlar bəzən üsyanlar səviyyəsinə qədər gəlib çatırdı. Belə bölgələrdən biri də Göyçay idi. 1930 ilin noyabr ayında Qaraməryəm kəndliləri sovetlərə qarşı üsyan qaldırırlar. Hələlik yazılı təsdiqlənməmiş məlumata görə, üsyan düz bir il çəkmişdir. Sovet dəstələri üsyançılarla amansız davranırlar. 1931 ilin noyabrında keçirilən əməliyyat nəticəsində Göyçay, Zərdab, Ucar, Kürdəmir və digər bölgələrdə sovetlərə qarşı vuruşan Məhəmməd Həsən oğlu Xəlilovun rəhbərlik etdiyi üsyançı dəstələr ləğv olundu, üsyançıların bir hissəsi İrana qaça bildi.