QUBADLI ŞIXLI
oyk., mür. Azərb. Resp. Göyçay r-nunun Qızılağac i.ə.v.-də kənd. Şirvan düzündədir. Yerli məlumata görə, yaşayış məntəqəsinin əsasını təqr. XIX əsrdə Mallı-Şıxlı k.-dən çıxmış Qubad adlı şəxs qoyduğu üçün belə adlanmışdır.
Oykonimin tərkibindəki ikinci komponent vaxtilə qazax tayfa birliyinə daxil olan şıxlı etnonimini özündə əks etdirir. Əslində, oykonim Şıxlı adlanan üç kənddən (Qubadlı Şıxlı, Mallı-Şıxlı və Ulaşlı Şıxlı) birinin adıdır. Mallı-Şıxlı k.-nin daxil olduğu Yeniarx i.ə.v.-dəki kəndlərdən birinin Hacıağabəyli (əsli Hacıağalarbəyli) adlanması onu göstərir ki, bu kəndlərdə vaxtilə Qubadlıdan buraya köçmüş ailələr məskunlaşmışlar. Odur ki, oykonim “qubadlılar yaşayan Şıxlı kəndi” kimi izah olunmalıdır.
Mənbə: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. II cild, Bakı, “Şərq-Qərb”, 2007, s. 70.