UCAR–GÖYÇAY–ŞƏKİ DƏMİR YOLU LAYİHƏSİ
XIX əsrdə Bakı–Tiflis yolu iqtisadi, hərbi, strateji əhəmiyyətə malik idi. Çar Rusiyasının mütəxəssisləri imperiyanın siyasətinə uyğun olaraq Kür çayı vasitəsilə Xəzər dənizindən Tiflisə qədər su yolunun istifadəyə verilməsi üçün XIX əsrdə layihələr irəli sürüblər. Kür çayında gəmiçiliyin inkişafı ilə bağlı layihəni Qafqaz canişini Mixail Vorontsov irəli sürüb. Onun 27 dekabr 1844 – 1 mart 1854 il tarixlərində Qafqaz canişini olduğunu nəzərə alsaq, məlum olur ki, Kür çayında gəmiçiliyin inkişafı ilə bağlı layihənin irəli sürülməsi Bakıda neft sənayesinin inkişafının ilkin mərhələsinə düşür. Bu layihənin reallaşması üçün müəyyən hazırlıq işləri də görülüb. Lakin sonradan obyektiv və subyektiv səbəblərə görə layihə həyata keçirilmədi. Kür çayında su nəqliyyatına uzun illər çayın dibində yığılıb qalan iri ağac kötükləri mane olurdu. Buna görə də Kürün ağac kötüklərindən təmizlənməsi işinə başlanıldı.