MOLLA İSMAYIL BABA
(1909, Göyçay qəz. Hacalıkənd k. – 2003) – din xadimi.
Tarix hər zaman cəmiyyət üçün önəmli şəxsiyyətlər bəxş etmişdir. Bu şəxsiyyətlərdən biri də öz dövrünün sevilib-seçilmiş insanlarından olan Molla İsmayıl Babadır. Uşaqlıqdan ibadətlə məşğul olub namaz qılan, oruc tutan bu insan əməlləri və gördüyü xeyirxah işlərlə insanların yaddaşında silinməz izlər buraxmışdır.
Oğlu M.Osmanovun dediklərinə görə, İsmayıl Baba ilk dini təhsilini atası Məhəmməd kişidən, sonralar isə Molla Abdullahdan dərs almışdır. Yaşadığı ömür sovet hakimiyyəti illərinə təsadüf edən Molla İsmayıl Baba heç vaxt tutduğu yoldan ayrılmamış, bir gün belə namazını, orucunu buraxmamışdır. “Üzlər var ki, baxarkən Allahı xatırladır” ayəsindən hərəkətlə, İsmayıl babanın bu cür insanlardan olduğuna əsla şübhə etmərik. Onun övliya bir insan olduğu bilinməli, insanların qəlbində daim yaşamalıdır. Gözəl həyat sürmüş İsmayıl baba 2003 ildə 94 yaşında haqqın dərgahına köç etmişdir.