MƏTBUAT TARİXİ
148 il əvvəl – 1875 ilin iyul ayının 22-də “Əkinçi” qəzetinin nəşrə başlaması ilə böyük maarifçi naşir Həsən bəy Zərdabi tərəfindən əsası qoyulmuş Azərb. Milli mətbuatı şərəfli yol keçmiş, yarandığı ilk gündən qabaqcıl ideyaların – maarifçiliyin, milli azadlıq ideyalarının, demokratik fikrin carçısı olmuş, cəmiyyətin inkişafında, mənəvi, siyasi, əxlaqi təkamülündə müstəsna rol oynamışdır. Azərbaycan mətbuatının bünövrəsini qoyarkən, “Əkinçi” qəzetini yaradarkən Həsən bəy Zərdabi nə düşünürdü, mətbuatdan nə gözləyirdi, mətbuatın qarşısında duran vəzifənin nədən ibarət olduğunu necə açıqlayırdı? Bu sualların cavabını onun öz sözlərində axtarmaq lazımdır. Böyük maarifçi yazırdı: “Heç olmaz ki, doğru söz yerdə qalsın. Hər ildə on qəzet oxucularından birisi oxuduğunu qansa, onların qədəri ilbəil artar. Sonra düşmənin düşmənliyi, dostun dostluğu və dost göstərən doğru yolun doğru olması aşkar olar”. Həsən bəy Zərdabi Göyçay qəz.-nın Zərdab k. doğulduğu, həyatının müəyyən dövrü burada keçdiyi üçün onun Göyçayda yaşayan mütərəqqi fikirli insanlarla, ziyalılarla əlaqəsi olmuş, “Əkinçi” qəzeti Göyçayda da yayılmış və oxunmuşdur. Göyçaylıların mətbuatla, qəzetlə ilk yaxından tanışlığı, heç şübhəsiz ki, “Əkinçi”dən başlayır. Təbii ki, Göyçay qəza mərkəzi olduğuna görə qəza idarəsinin başçıları, orada işləyən məmurlar əsasən ruslardan ibarət idi və həmçinin orada qeyri millətlərin rusdilli nümayəndələri də fəaliyyət göstərirdilər. Onlar rus dilində qəzet və jurnallar alırdılar və həmin nəşrləri qəza idarəsində çalışan azərbaycanlılar da əldə edib oxuyurdular.