İSMAYILOV Adil Yəhya oğlu
(21.12.1928, Göyçay ş. – 26.4.2016, Bakı ş.) – səhiyyə xadimi, tibb e.d. (1968).
N.Nərimanov adına Azərb. Tibb İnstitutunu (indiki ATU) qırmızı diplomla bitirib (1953). Azərb. SSR Sanitar Aviasiya müəssisəsinə rəis, 1961 ildə isə Bakı ş.-də yerləşən 4 saylı Klinik xəstəxanasına baş həkim təyin olunub. 1968 ildə Moskva ş.-dəki Ümumittifaq Onkologiya İnstitutunda doktorluq dissertasiyasını uğurla müdafiə edib. İsmayılov 1970 ildə Vətənə qayıdandan sonra Ə.Əliyev adına AR Həkimlərin Təkmilləşdirilməsi İnstitutuna baş elmi katib vəzifəsinə təyin olunub. Bu illər ərzində İsmayılov səhiyyənin problemləri ilə bağlı bir neçə dünya əhəmiyyətli beynəlxalq konfrans və simpoziumlarda Azərb.-ı təmsil edib. 1974 ildə Bakıda yerləşən 19 saylı Tibbi sanitariya idarəsinə baş həkim, 1980 ildə isə F.Əfəndiyev adına 2 saylı ş. klinik xəstəxanasına baş həkim təyin olunub. Bununla yanaşı, İsmayılov resp.-nın ictimai-siyasi həyatında da fəal iştirak edirdi. Belə ki, o, bir neçə çağırış Bakı ş. sovetinin deputatı seçilmişdir. Alim böyük elmi xidmətlərinə görə SSRİ Səhiyyə Nazirliyinin fəxri fərmanları, təşəkkürnamə, “Səhiyyə əlaçısı” döş nişanı və digər medallarla təltif olunub.
Məlumat ailəsindən alınıb.